Son zamanlar Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma qiymətlərinin yüksək olması məsələsi sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur.
Bakı hava limanından verilən açıqlamaya görə, istifadəçilərin 95 faizi avtomobillərini qısa müddətə - 2 saata qədər park edənlərdir, onların da 45 faizini 15 dəqiqəlik ödənişsiz giriş/çıxışdan istifadə edənlər təşkil edir.
Yayılan rəsmi açıqlamada parkinq tariflərinə diqqət yetirdikdə görürük ki, qısamüddətli parklanma üçün tariflərdə heç bir dəyişiklik edilməyib. Daha əvvəl olduğu kimi, hazırda da sürücülər 2 saata qədər parklanma üçün 1 manat, 2-4 saat arası 2 manat, 4-6 saat arası isə 3 manat məbləğində ödəniş edirlər.
Bununla yanaşı, hava limanında ilk 15 dəqiqə ərzində giriş/çıxış üçün ödəniş tələb olunmur. Bu da sərnişinləri düşürmək və ya götürmək üçün kifayət edir, hətta nəzərə alsaq ki, bunun üçün xüsusi drop off/pick up zolaqları da ayrılıb, proses daha da sürətlənir və rahatlaşır.
FED.az “Qafqazinfo”ya istinadən qonşu ölkələrin aeroportlarındakı parklanma qiymətləri haqda araşdırmanı təqdim edir:
Gürcüstanın Tbilisi Beynəlxalq Hava Limanında sürücü parkinqə görə hər saat üçün 5 lari (3,20 manat) ödəməlidir.
İstanbul hava limanında 1 saatlıq parklanmanın qiyməti 70 lirədir (3,90 manat).
Bundan əlavə, Rusiyanın Domodedovo Beynəlxalq Aeroportunda tariflər terminala qədər olan məsafədən asılı olaraq dəyişir və bir saatlıq parkinqin orta qiyməti 500 rubl (9,40 manat), Ermənistanın paytaxt hava limanında isə 1000 dram (4,20 manat) təşkil edir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, dünya təcrübəsinə görə, hava limanında parkinq yerlərinin məhdudluğu və onlara tələbatın çox olması səbəbindən parklanma qiymətləri həmişə şəhərdəkindən yüksək olur.
“Lakin Heydər Əliyev Beynəlxalq Aeroportunda qısamüddətli istifadəçilər üçün tariflər digər ölkələrin beynəlxalq hava limanları, eləcə də paytaxtın digər ərazilərində yerləşən parkinq zonaları ilə müqayisədə hələ də aşağı və ya eynidir”, - deyə Elməddin Muradlı vurğulayıb.
Beləliklə, təhlillər və ekspertlərin açıqlamaları da göstərir ki, Bakı aeroportunda parklanma qiymətləri qlobal tendensiyaları əks etdirir və digər beynəlxalq hava limanları ilə müqayisədə yetərincə rəqabətqabiliyyətlidir.