Babək prospektində hərəkət qismən məhdudlaşdırılır
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a verilən məlumata görə, Babək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. Məlumata görə, həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.
Bildirilir ki, əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.
Dövlət Agentliyi sürücülərdən sözügedən hissədə diqqətli olmalarını xahiş edir və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edir.