İş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.
Departament direktoru bildirib ki, sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi).
“Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir. Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək”, - deyə Azər Fərəcov vurğulayıb.
A.Fərəcov qeyd edib ki, şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq. (Azərtac)