Füzuli Hava Limanında tikinti və quraşdırma işləri sürətlə aparılır, 2021-ci ilin sonunadək ilk reysin yerinə yetirilməsi planlaşdırılır.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
İclasda Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparıldığı və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırıldığı bildirilib.
Eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işlərinin aparıldığı qeyd edilib.
Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Füzuli şəhərində aeroportun, aprelin 27-də isə Zəngilanda beynəlxalq aeroportun təməlini qoyub. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin sonunadək tam istifadəyə veriləcək. Füzuli Beynəlxalq Hava Limanının 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı olacaq. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işləri sona çatıb. İndi yol geyiminin tikintisi aparılır. Sentyabrın 5-də birinci sınaq uçuşu yerinə yetiriləcək.