Bakının Binəqədi rayonunun Sulutəpə dairəsində müxtəlif səviyyəli yol qovşağı inşa edilir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq.
Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.