Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.
Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.