Azərbaycanda bir sıra vəzifəli şəxslərin xidməti ezamiyyətləri zamanı nəqliyyat xərclərinin hesablanması qaydası dəyişib
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edib.
Qərara əsasən Baş nazir, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrləri, Baş nazirin müavinləri, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə sədrinin müavinləri, Konstitisya Məhkəməsinin hakimləri, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Nazirlər Kabinetinin Aparat rəhbərləri, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Mərkəzi Seçki Komissiyasının, Audiovizual Şurasının sədrləri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Baş prokuror, apellyasiya məhkəmələrinin sədrləri, Milli Məclisinin deputatları, mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərləri, Hesablama Palatasının sədrinin müavinləri, Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısına xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödəniləcək.
Həmin şəxslərə və Azərbaycan xarici işlər nazirinin müavinlərinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan şəxslərə, xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən rəhbərlərinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir.
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödəniləcək. Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl bu şəxslərə idməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilib. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilib.