Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
FED.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci km-lik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılır. Yolun 5-44.5-ci km-lik hissələrində torpaq işləri bitib, hazırda yol geyiminin tikintisi və isə asfalt-beton örtüyünün salınması işləri aparılır. Asfalt-beton örtük hazırda yolun 20 km-lik hissəsində (25-44-cü km-lik) döşənir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası artıq bitib. Hazırda layihə üzrə 3 yerdə nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi üçün hazırlıq işləri aparılır.
Bundan başqa yolun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik körpülərin inşası da artıq yekunlaşıb.Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında isə yanaşma yollarının inşası aparılır. Həmçinin yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi davam edir.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da lahiyə üzrə icrası nzəərdə tutulan işlərdəndir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.