“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının (“AmCham” )üzvləri ilə onlayn görüş keçirib.
Eləcə də bax: Xəzər dənizinin limanları arasında rəqabət və Bakı Limanının əhəmiyyəti
QSC-dən FED.az-a bildirilib ki, ətrafında 300-dək şirkəti birləşdirən “AmCham”ın üzvlərinin diqqətinə çatdırılıb ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il oldu və Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə rəşadətli Ordumuz düşmənə dağıdıcı zərbə endirdi və işğala son qoydu. Baş direktor bildirib ki, Azərbaycanın qələbəsini təsdiq edən 11 noyabr razılaşması regionda kommunikasiya xətlərinin açılışını da ehtiva edir. Bu isə Azərbayanın regional nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, gələcək konflktlərin mümkünlüyüyü azaldacaq.
O, 2020-ci ilin yekunlarına toxunaraq deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artıb. İl ərzində aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin sayı əvvəlki ilə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə irihəcmli nəqliyyat vasitələrinin aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2021-ci il yanvarın 15-də Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə anlaşma memorandumu imzalayıb. Sənədə əsasən, mərkəzdə ətraf mühit və əməyin təhlükəsizliyi, ticarət və əməliyyat proseslərinin təkmilləşdirilməsi, innovasiya və rəqəmsallaşdırma kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.
T.Ziyadov qeyd olunan təlimlərin geniş sahələri əhatə etdiyini və “AmCham”ın üzvlərini də adıçəkilən təlimlərə qatılmağa dəvət edib. Bildirilib ki, təlimə qatılan şəxslər 5 gün ərzində Antverp və Şimal dəniz limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. “APEC Liman Təlim Mərkəzi” 1977-ci ildən etibarən fəaliyyət göstərən və dünya üzrə tannınmış bir mərkəzdir. Yarandığı gündən etibarən dünyanın bir çox ölkələrindən 15 mindən çox şəxs APEC tərəfindən təşkil olunan peşəkar təlimlərdən bəhrələnib.
Baş direktor, həmçinin Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistik qovşaqları və daşıma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verib.