Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
Müəyyən edilib ki, “Bakı Metropoliteni” ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
“Bakı Metropoliteni” QSC “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olacaq, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı “Bakı Metropoliteni”nə keçəcəkdir.













