Azərbaycan prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən FED.az-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “BakuBus” MMC-nin və Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbər şəxsləri iştirak ediblər.
Müşahidə Şurasının sədri Elnur Əliyev iclasda vurğulayıb ki, “BakuBus” MMC də vətəndaşlarımız üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərinə öhdəlik kimi götürən vacib nəqliyyat qurumlarından biridir və Müşahidə Şurasının yaradılmasını müəssisənin daha da inkişafına təkan verəcək.
Müşahidə Şurasının sədri deyib ki, “BakuBus” MMC-un fəaliyyətində kommersiya və sosial elementlər var qarşıda duran əsas məqsədlərdən biri bu iki elementin uzlaşdırılmasıdır.
Elnur Əliyev xatırladıb ki, ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas prioritet məsələdir. O əlavə edib ki, Müşahidə Şurasının əsas vəzifəsi “BakuBus” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafı etdirməkdir.
Daha sonra BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli “BakuBus”ın fəaliyyəti, eləcə də, ölkədə sərnişindaşıma fəaliyyətinin vəziyyəti və növbəti çağırışları barədə iclas iştirakçılarına məlumat verib. “BakuBus” MMC-nin direktoru Tural Mahmudov şirkətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. İclasda, eyni zamanda, “BakuBus” MMC-nin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, dövlət başçısının Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.