Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası istiqamətində işlər davam etdirilir. Bu çərçivədə 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib. Qeyd edilib ki, yeni marşrut xətti “Pirşağı” dəmiryol stansiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.
Yeni xəttin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəssisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.
Yeni xətt üzrə avtobuslar iyulun 12-dən fəaliyyət göstərəcək.