Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-də Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu istifadəyə verəcək.
Eləcə də bax: Azad edilmiş digər rayonlarımıza da avtobus reysləri nə zaman açılacaq? - AÇIQLAMA
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən FED.az-a verilən məlumata görə, reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Sərnişinlərdən 5955-u Şuşaya səfər edib. Onlardan 3376 nəfər Bakı – Şuşa – Bakı, 2579 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.
Ağdama isə ümumilikdə 2633 sərnişin səfər edib. Onlardan 1254 nəfər Bakı – Ağdam – Bakı, 1379 nəfər isə Bərdə – Ağdam – Bərdə reysi ilə gedib.
130 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. (Apa)