Bakı metropoliteninin «Yaşıl xətt»ə aid olan 3 yeni metro stansiyasının tikintisi ilə bağlı apardığı işlər yarımçıq qalıb.
FED.az xəbər verir ki, söhbət «Yaşıl xətt»ə aid olan «Y-14», «Y-15» və «Y-16» stansiyalarından gedir.
Metronun «Yaşıl xətt»i Hazırda «Dərnəgül» stansiyasından başlayaraq «Xətai» stansiyasınadək uzanır. Yeni stansiyaların da «Xətai»dən sonra tikilməsi nəzədə tutulur. Bu stansiyalar 8 Noyabr (keçmiş Nobel) prospekti boyunca uzanacaq.
Belə ki, «Y-14» stansiyası Ağ şəhər yaşayış massivində, ərazinin ortasında yerləşəcək, «Y-15» stansiyası təqribən «Xəzər» televiziyasının yaxınlığında, «Y-16» stansiyası isə «Nargilə» dairəsinin ətrafında olacaq.
Hər 3 stansiya üzrə bəzi işlər görülsə də, lazımi qədər vəsait ayrılmadığına görə, onları tamamlamaq mümkün olmayıb.
Belə ki, «Y-14» stansiyasının yalnız layihə sənədləri hazırdır. «Y-15» stansiyasının təməli qazılıb, «Y-16» stansiyasının isə 50 % hissəsində tikinti işləri yekunlaşıb.
«Bakı Metropoliteni» QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib ki, maliyyə vəsaitinin yönəldilməsi və digər məsələlər həll edilsə, stansiyanın tikintisinə başlanılacaq: «Yaşıl xəttin davamı olaraq «Xətai» metrostansiyası ilə "Həzi Aslanov" metrostansiyası arasında şərti adı «Y 14», «Y 15», «Y 16» olan stansiyaların tikintisi hazırda getmir. Biz «Y 15» stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam edə bilərik. Bu stansiyaları tikmək üçün Bakı metropoliteninin kifayət qədər texniki və zehni potensialı var».