Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası keçirilib.
FED.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nın yaydığı məlumata görə, toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan üzrə aidiyyəti qurumların rəsmi şəxsləri iştirak edib.
İclasda bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün iştirakçılarının birgə səyi nəticəsində 2022-ci ildə dəhliz üzrə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Dəhliz boyu proseslərin optimallaşdırılması sayəsində çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilib. Əməliyyatların idarə edilməsi xidmətinin tətbiqi marşrutun Azərbaycan seqmentində bütün tərəflər arasında operativ əlaqənin təşkilinə imkan verib.
Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələrinin təsdiqi və konteyner qatarlarının hərəkəti zamanı onların dislokasiyası barədə məlumat mübadiləsi üzrə aparılan işlərin yekunlarına dair İşçi qrupunun hesabatı müzakirə edilib.