Xəbər verildiyi kimi, dünən, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakıda tıxac problemi və onun həlli yollarına həsr olunan müşavirə keçirilib.
FED.az xəbər verir ki, müşavirədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Daxili işlər naziri Vilayev Eyvazov, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov məruzələrlə çıxış edib, problemlərin aradan qaldırılması üçün görülən və görüləcək işlərə dair fikirlərini bildiriblər.
Müşavirədə digər qurumların məlumatları da dinlənilib, yol-nəqliyyat sahəsində mövcud problemlər müzakirə olunub.
Müşavirədə bildirilib ki, tıxacların səbəbi son vaxtlar Bakı şəhərində baş verən sürətli iqtisadi inkişaf və avtomobillərin sayının artmasıdır.
«Son zamanlar Bakı şəhərində baş verən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığının genişlənməsi, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, paytaxtda nəqliyyat vasitələrinin sayınn çoxalmasına səbəb olub, yol hərəkətini kəskin şəkildə intensivləşdirib».
Müşavirədə Bakının nəqliyyat sisteminin inkişaf etdirilməsi, nəqliyyat hərəkətinin sıxlığı və tıxacların aradan qaldırılması, şəhərdaxili ictimai nəqliyyat və taksi fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə koordinasiya mexanizminin yaradılması ətrafında müzakirə aparılıb, tapşırıqlar verilib.