Vaqif Əsədov reydlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib
Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), “20 Yanvar” və “3-cü mikrorayon” dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə Dövlət Yol Polisi tərəfindən icazə verilməyəcək. Bu qadağa taksi və digər nəqliyyat vasitələrinə aid ediləcəkmi?
FED.az Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb.
V.Əsədov bu gündən etibarən başlanılan reydlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Onun sözlərinə görə, qadağa həmçinin taksi və digər nəqliyyat vasitələrinə də aid olacaq:
“Bu qərar düzgün dayanma-durma və parklanma qaydalarının tələblərinin pozulmaması ilə bağlıdır. Hesab edirik ki, Abşeron, Sumqayıt və ümumiyyətlə şimal tərəfdən “20 yanvar” istiqamətində hərəkət edən nəqliyyat vasitələri qeyd edilən ərazilərdə sərnişinləri düşürüb-mindirmələri ilə qaydaları pozurlar. Bu zaman həmin ərazilərdə süni sıxlıq yaşanır”.
V.Əsədov həmçinin qeyd edib ki, Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına qeyri-qanuni (1 manatlıq) taksilər fəaliyyət göstərir.
“Ümumiyyətlə sərnişindaşımada gizli fəaliyyət göstərənlər, həmçinin qarşılıqlı razılaşma yolu ilə Sumqayıtdan Bakıya tələbə, işçi və sairə kimi sərnişinləri gətirənlər nəqliyyat vasitələrini “ürəkləri harada istəsə” orada da saxlayırlar. Hər düşürüb-mindirmə prosesi isə azı 1 dəqiqə çəkir ki, bu da yollarda sıxlıq və tıxacların yaranmasına səbəb olur. Bu halın da qarşısını almaq üçün, sərnişinlərin yalnız avtovağzalda düşürdülməsinə şərait yaradılacaq. Yaxud, əgər həmən sərnişindaşıyanlar müəssisələrlə müqavilə bağlayırlarsa, elə həmin müəssisələrin də qarşısında nəqliyyat vasitələrini saxlasınlar”.
Vaqif Əsədov həmçinin əlavə edib ki, dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yerləşən bütün təhsil ocaqlarının, xüsusilə, məktəblərin qarşısında saxlanılan avtomobillərə də nəzarət olunacaq ki, sıxlıq yaşanmasın.
Qeyd edək ki, bu gündən etibarən mütamadi davam edəcək reydlər BŞBDYPİ-si ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında bağlanan birgə əməkdaşlıq memarandoma əsasən həyata keçirilir. Reydlərdə polislə yanaşı DANX əməkdaşları da iştirak edir.
Bakucity.az