Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Təcili: BNA ləğv edildi, səlahiyyətləri Nazirliyə verildi - PREZİDENTDƏN FƏRMAN
FED.az xəbər verir ki, fərmana əsasən indiyədək Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Bakı Nəqliyyat Agentliyi (BNA) ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərkibinə verilib. Yerüstü Nəqliyyat Agentliyi bu birləşmə nəzərə alınaraq yenidən təşkil ediləcək.
Nəticədə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Fərmanda bildirilir ki, bu dəyişikliklərdə məqsəd Bakı ərazisində avtomobillə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsidir