Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən FED.az-a verilən xəbərə görə, 15.06.2021-ci il tarixindən 76 nömrəli marşrut xətti (“Neftçilər” metrostansiyası – Bakıxanov dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Eldar Xəlilov küç., Sülh küç., Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Nazim İsmayılov 7 (Bakıxanov qəs.), Əzim Əzimzadə 34/64 (Nizami rayonu), Sakit Qocayev küç. (Suraxanı rayonu) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.