Bakıda fəaliyyət göstərən 32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) marşrutun daşıyıcı dəyişdirilib. FED.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, buna səbəb daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi, marşrutun fəaliyyətində müəyyən çətinliklərin yaranması və vətəndaşların haqlı narazılıqları olub.
Məsələ ilə həmin şəxsə yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, qarşı tərəf təsirli tədbir görməyib.
«Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu»-deyə BNA-dan bildirilib.
Nəticədə həmin marşrutun daşıyıcısının dəyişdirilməsi qərara alınıb. Qanunvericiliyə əsasən, bu proses müsahibəq yolu ilə həyata keçirilməli olsa da, Agentlik dəyişikliyin müsabiqəsiz aparılması üçün Nazirlər Kabinetinə müraciət edib. Öz növbəsində Nazirlər Kabineti buna razılıq verib.
Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.
Daha bir dəyişiklik 140 saylı marşrutla əlaqədardır. Məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.
Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.
Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.