Bakının mərkəzi hissəsində daha bir neçə küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır və küçələr piyadalaşdırılır.
Həftəsonları mərkəzdəki bəzi yerlərə -Avtomobillə giriş - QADAĞAN OLUNACAQ
FED.az xəbər verir ki, məhdudiyyət Xaqani bağının ətrafı və “28 May” metrostansiyası qarşısındakı kimi daimi deyil, yalnız həftəsonları tətbiq ediləcək.
Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, 17 martdan etibarən həftənin 6-cı və bazar günləri Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin girişinə icazə verilməyəcək.
Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsindən başlayaraq, Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq.
Avtomobillərin girişinin məhdudlaşdırılması üçün nömrətanıma və şlaqbaumun tətbiqi nəzərdə tutulur.
Məqsəd mərkəzdə şəxsi avtomobillərdən istifadənin azaldılması, park, ictimai məkanların, piyada zonalarının əlaqələndirilməsidir. Bununla da mərkəzdə piyada səfərlərinin, təhlükəsizliyin artacağı gözlənilir. Bu layihə həmçinin tıxacların azaldılmasına, piyada və mikromobil vasitələrlə səfərlərin artmasına hesablanıb.
Aparılan monitorinqlər göstərib ki, Xaqani bağı ətrafına günün pik vaxtlarında saatda 800-dək avtomobil daxil olurmuş. Üstəlik, avtomobillərin 90%-i park ətrafında dövrə vurduqdan sonra həmin ərazini tərk edir. Bu isə ərazidə ciddi sıxlığa səbəb olur, piyada axının qarşısını alır. (Xezerxeber.az)