"Azərbaycanın ən iri infrastruktur layihələrindən biri hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Artıq 6 ildir müvəqqəti istismara verilən BTQ xətti qitələrarası daşımalar üçün geniş imkanlar açıb".
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb
FED.az xəbər verir ki, bunu, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib.
O qeyd edib ki, BTQ dəmir yolu Çinin elan etdiyi və Azərbaycanın da daxil olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib:
"BTQ-nı Tarixi İpək Yolunun tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Əminliklə deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün yeni imkanlar açır. Hədəfimiz, cənab Prezidentimiz də qeyd etdiyi kimi, bu dəmir yolu ilə illik yükdaşımaların həcmini 5 milyon tona çatdırmaqdır.
Hazırda sözügedən layihə üzrə genişləndirmə işlərinin birinci mərhələsinin rəsmi olaraq istismara qəbul olunması aktı Gürcüstanın aidiyyəti dövlət qurumu tərfindən imzalanıb. Axalkalaki vağzalının da tamamlanma işlərini yekunlaşdıraraq təhvil vermişik. Cari ilin sonunadək isə layihənin ikinci və dördüncü mərhələləri də yekunlaşdırılaraq təhvil veriləcəkdir.
Üçüncü mərhələ və Axalkalaki stansiya kompleksində də son tamamlanma işləri görülür. Axalkalakidə müxtəlif təyinatlı – təkər cütlərinin dəyişdirilməsi, yaşayış binası, o cümlədən 100-dən çox tikilinin olduğu iri kompleksin son tamamlanma işləri davam edir. Artıq əməliyyatların səmərəliliyini təmin etmək üçün birgə müəssisənin yaradılması üzərində də çalışmalara başlanılıb. 2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır".