“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.
Bu barədə FED.az-a ADY-dən bildirilib.
Belə ki, 8, 9, 10, 11 və 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilərək əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunub.
Məlumat üçün bildirək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir.