“Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, “tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”.
FED.az xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.
Eləcə də bax: Metroda gediş haqqı artacaq? - “SUBSİDİYALARIN 5 MİLYON MANAT AZALDILMASI...”
Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalının azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.
Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır: "Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, bu, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honk-Konqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik. Bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur. Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək, ondan qat-qat üstündür”.
“Report”