Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.
FED.az Azərta-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib.
O deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axının artırılmasına kömək edəcək.
Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiya müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.
O, həmçinin bildirib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır.