Dünən Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor - Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalanıb.
FED.az xəbər verir ki, İmzalanma mərasimində Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyxard və Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər. Memoranduma əsasən, tərəflər Avropada Orta Dəhlizi təşviq edəcək və Avropadakı mövcud yük şəbəkələri, eyni zamanda logistika mərkəzləri arasındakı əlaqələri gücləndirəcəklər.
Eləcə də bax: Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin - HƏCMİ ARTIB
Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri cənab Andreas Reyxard bildirib ki, bu gün imzalanan memorandum “ÖBB Rail Cargo Group” un Orta Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür: “Bakı Limanı isə bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımından çox səmərəli olacağını gözləyirik.”