Bakı Beynəlxalq Avtovağzal Kompleksinin şəhərlərarası və rayonlararası istiqamətlər üzrə sərnişin daşıyan daşıyıcılarla müqavilələrinin müddəti artırılıb.
Avtovağzaldan kənarda rayonlara sərnişin daşınması - QADAĞAN EDİLƏCƏK
Bu barədə FED.az-a Kompleksdən bildirilib.
Məlumata görə, artıq avtovağzalla daşıyıcının arasında qarşılıqlı münasibətlərin qurulmasına dair müqavilə sənədi artıq 1 aylıq deyil, 3 ay müddətinə imzalanır. Məqsəd sərnişindaşımada xidmət keyfiyyətinin artırılması, daşıyıcıların rentabelliyinin təmin olunması, şəffaflığın yaradılması, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.
Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarına əsasən şəhər və rayonlararası sərnişindaşıma üçün avtovağzalla daşıyıcı arasında müqavilə bağlanılır.
Müqaviləyə əsasən hər iki tərəf sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasını təmin edir. Avtovağzal daşıyıcıya həvalə edilmiş daşımalar üzrə sərnişinlərə bilet satışını və qanunvericiliyə uyğun digər xidmətləri həyata keçirir, daşıyıcını sərnişinlə təmin edir.
Daşıyıcı reysqabağı texniki və tibbi müayinələri təmin edir, daşımaya yalnız istismara texniki cəhətdən yararlı, ekoloji tələblərə və sərnişin daşınmasında təhlükəsizliyin təmin edilməsi qaydalarına tam cavab verən, sərnişin daşınması üçün nəzərdə tutulmuş müvafiq növ avtobuslar buraxır. Eyni zamanda biletsiz sərnişin qəbul etmir və daşımır, avtovağzalın daxili intizam və sair qaydalarına əməl edir.