Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur. AZAL-dan FED.az-a verilən məlumata görə, Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 815 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkət tərəfindən isə 216 min sərnişin daşınıb.
Beynəlxalq reyslərlə ümumilikdə 1 milyon 685 min sərnişinə xidmət göstərilib (ümumi sərnişin axınının 86 faizi). Beynəlxalq sərnişinlərin ümumi sayının 32 faizi AZAL aviaşirkətinin, 13 faizi isə “Buta Airways” aviaşirkətinin payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air”, həmçinin Omanın “SalamAir” aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır.
Bakı aeroportundan 2 milyon nəfər uçub – SİYAHI
15:52
10 İyul 2018