Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlayıb.
Eləcə də bax: Bakı aeroportundan hər 10 təyyarədən 3-ü - GECİKMƏ İLƏ UÇUR - SİYAHI
FED.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.
Bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar.
Layihənin əsas məqsədi xüsusi ehtiyacları olan sərnişinlər üçün uçuşları daha rahat və az həyəcanlı etməkdir.
Paytaxt hava limanı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş və yaxud müvafiq beynəlxalq vəsiqə olduğu təqdirdə gözə görünməyən məhdudiyyətləri olan sərnişinə prioritet qaydada xidmət göstərəcək.
Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək. Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.
“Hava səyahətləri autizm diaqnozlu uşaqlar və böyüklər, eləcə də onların ailələri və səyahət yoldaşları üçün xüsusi problemlər yarada bilər. Şadam ki, fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresinin təşkilatçısı “CEO” şirkətinin, Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin dəstəyi ilə fərqli inkişaf xüsusiyyətlərinə malik olan sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda əlçatan bir mühitin yaradılmasına töhfə verən ilklərdən olduq. "Azərbaycan Hava Yolları" QSC Mərkəzlə birgə layihələrə, autist spektrin pozulması olan uşaqlara xüsusi diqqət yetirərək, dəstək verməyə davam edəcək", – AZAL-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadə bildirib.
“Autizm spektr pozuntusu diaqnozlu uşaqlar dünyanı bir qədər fərqli qavrayır, ətraf mühit bəzən onlara qıcıqlandırıcı təsir göstərə bilər. Lakin onlar xeyirxah və mərhəmətlidirlər. AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportuna məhdudiyyətləri olan insanlara rahat və yüksək keyfiyyətli xidmət göstərdikləri üçün təşəkkürümüzü bildiririk”, – “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib.