“Bahar Karqo” və “Optimal Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün lisenziyalar təqdim olunub.
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar elektron ticarətin inkişafına da müsbət təsir göstərmişdir ki, nəticə etibarı ilə istehlakçılar tərəfindən ölkənin digər bölgələrindən, eləcə də xaricdən məhsul sifarişində və daşınmasında intensivlik artıb.
Bütün bunlar isə muxtar respublikada karqo şirkətlərinə yaradılan şəraitin hesabına məhsulların sifarişinin və daşınmasının sərfəli olması ilə əlaqədardır. Eyni zamanda, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu kimi faktorlar da eelektron ticarətin inkişafını sürətləndirən amillərdəndir. Məhsulların daşınması isə karqo şirkətləri tərəfindən həyata keçirilir.
Həmçinin, karqoların üstün cəhətlərindən biri də yaşayış yeri üzrə sifariş verən hər bir kəsin sadəcə kuryer xidmətindən yararlanaraq, bağlamalarının bir başa istənilən ünvana çatdırılmasıdır. Elektron ticarətin inkişafı rəqabətin artması ilə yanaşı, eyni zamanda yeni karqo şirkətlərinin yaranmasına da zəmin yaradır.
Nazirlik bildirib ki, sürətli poçt xidmətləri ilə məşqul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər komissiyaya təqdim edilməlidir.
Bunlar
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin,
- hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarış və Nizamnamənin,
vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin,
fəaliyyətin həyata keçirildiyi sahəsi 100m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri,
- muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması,
fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması,
çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması,
lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəddir.