Bakının Babək prospektində avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.
Onun sözlərinə görə, artıq prospektdə yenidənqurma işləri çərçivəsində 6 kilometr yol təmir olunub və asfalt döşənib:
"Hazırda işlər davam etdirilir. Prospektin uzunluğu 8,7 kilometrdir. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir".
Agentlik rəsmisi qeyd edib ki, prospekt boyunca qaz xətləri, istismar müddəti bitmiş təqribən 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənib: "99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib. Həmçinin prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yolayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-m uzunluğunda yeni səki daşları düzülüb".
A.Nəcəfli bildirib ki, prospektdə yenidənqurma işləri sentyabrın sonları, oktyabrın əvvəlində başa çatacaq.
Babək prospektinin açılacağı tarix məlum oldu - AÇIQLAMA
20:24
10 Sen 2018