Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması barədə razılıq olsa da, bu proses bir sıra səbəblərdən uzanır.
FED.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib.
Səfir bildirib ki, aviaşirkətlər birbaşa reyslərin açılması nəticəsində böyük maliyyə itkiləri ilə qarşılaşacaqlarını düşünürlər: "Təbii ki, bu da prosesin uzanmasına gətirib çıxarır".
Diplomat qeyd edib ki, iki ölkə arasında turizm sahəsində münasibətləri inkişaf etdirmək və turist axınının artmasına nail olmaq lazımdır: "Bu, öz növbəsində, birbaşa reyslərin açılmasına zəmin yaradacaq. İki ölkə arasında böyük turist axını olmalıdır. Bundan başqa, Azərbaycanla Misir arasında əmtəə dövriyyəsi də birbaşa aviaəlaqənin olmamasına görə yüksək səviyyədə deyil".
A.İbrahim vurğulayıb ki. yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənilir: "Hazırda bu səfərlərə hazırlıq işləri aparılır. Azərbaycan-Misir münasibətləri yüksək səviyyədədir. Mənim üzərimə ikitərəfli əlaqələri daha da möhkəmləndirmək kimi məsuliyyət qoyulub".
Səfir deyib ki, hazırda Azərbaycanla Misir arasında ticarət münasibətlərinin genişləndirilməsi üzrə işlər görülür.
Xatırladaq ki, 2016-cı ilin iyununda Misirin "Air Cairo" aviaşirkəti Bakı - Şarm-əş-Şeyx - Bakı birbaşa reysini açaraq Azərbaycandan turist axınının artmasına şərait yaratdı. Lakin sonradan aviaşirkət reysin kifayət qədər dolmamasını əsas gətirərək, bu kurort şəhərindən Bakıya aviareysləri dayandırmaq barədə qərar qəbul etdi.