AXDG” QSC-nin yük gəmiləri Xəzəryanı ölkələrin limanları arasında müntəzəm səfərlər edir. Quru yüklərin daşınmasına 8 ədəd “Nizami” tipli, 2 ədəd “Teymur Əhmədov” tipli, habelə “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri cəlb olunub. Gəmilərin işlədiyi əsas istiqamətlər Bakı – Türkmənbaşı – Bakı, Bakı – Aktau –Bakı, Bakı – Əmirabad – Bakı, Bakı – Aktau – Əmirabad, Aktau – Əmirabad – Aktau, Aktau – Əmirabad – Bakı xətləridir.
“Nizami” tipli gəmilər əsasən İran İslam Respublikasının Əmirabad limanından Bakı limanına klinker yükünün daşınmasında, “Teymur Əhmədov” tipli gəmilər, “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri Qazaxıstan Respublikasının Aktau limanından Əmirabada taxil yükünün və Əmirabad limanından Aktauya sement və Bakıya klinker yükünün daşınmasında iştirak edir. Boru yükləri Aktau – Bakı, konteynerlər isə Bakı – Türkmənbaşı istiqamətlərində daşınır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması da Xəzər hövzəsində aparıcı mövqeyini qoruyub saxlayan donanmalardan biridir. 2 ədəd 8000 tonluq “Professor Əziz Əliyev” tipli, 1 ədəd 12000 tonluq “Cabbar Həşimov” və 7 ədəd 13000 tonluq “Prezident Heydər Əliyev” tipli tankerlərlə nəqliyyat donanmasının yükdaşıma qabiliyyəti artırılıb. Gələcəkdə tanker donanmasının daha da yeniləndirilməsi planlaşdırılır. Maye yük daşıyan gəmilərimiz Aktau (Qazaxıstan), Türkmənbaşı, Alaca, Oğuzxan, Kiyanlı (Türkmənistan), Mahaçqala (Rusiya), Ənzəli, Nouşəhr, Neka, Fereydun – Kənar, Əmirabad (İran) limanlarından yüklərin idxal və ixracını həyata kecirir. Yükdaşımaların əksər hissəsi Aktau – Bakı (Dübəndi, Səngəçal) və Türkmənistan – Bakı (Dübəndi, Səngəçal) istiqamətlərində nəql edilən neft və neft məhsullarının payına düşür.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər hövzəsində gəmi-bərə donanmasına malik olan yeganə şirkətdir. Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizində dəmiryol vaqonları və sərnişinlər, eləcə də avtomobillər 7 ədəd “Dağıstan” tipli (28 vaqon götürən) bərələr, 4 ədəd “Akademik Zərifə Əliyeva” tipli (52 vaqon götürən), 2 ədəd “Bərdə” tipli (54 vaqon götürən), habelə 2 ədəd “Bəstəkar Qara Qarayev” tipli Ro-Ro gəmiləri ilə Bakı – Aktau – Bakı və Bakı – Türkmənbaşı – Bakı istiqamətlərində daşınır. Daşınan yüklər əsasən neft və neft məhsulları, ərzaq və kənd təsərrüfatı məhsulları, tikinti materialları və s. ibarətdir.
Gəmi ilə Azərbaycandan kənara, yuxarıda adları qeyd edilən limanlara yük aparmaq istəyən şəxslər ya https://public.acsc.az/online/payment/index/az/ linkinə daxil olub, online bilet sifariş edə bilər, yaxud da birbaşa “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə müraciət edə bilər. Qeyd edək ki, Azərbaycandan kənara gəmi ilə yalnız aşağıdakı yükləri aparmağa icazə verilir:
Qoşqulu yük avtomaşını
Yük avtomaşını
Qoşqu
Avtobus
Mikroavtobus
Minik avtomaşınları
Motosiklet
Motosiklet (qoşqulu)
Ərzaq və gündəlik tələbat malları, meyvə-tərəvəz məhsulları və s.
Metal, tikinti materialları paletlərdə
Həcmli yüklər (neft avadanlığı, metal konstruksiyaları, qapı, pəncərə, plastik, alüminium profillər və s.)
Konteyner - 5 futluq
Konteyner - 10 futluq
Konteyner - 20 futluq
Konteyner - 40 futluq