Bu ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan bir sıra məşhur istiqamətlər üzrə uçuş tezlikləri əhəmiyyətli dərəcədə artırılıb.
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səyahətçilər artıq həftədə 3 dəfə Praqa, Paris, Vyana və Barselona kimi Avropa şəhərlərinə həyata keçirilən uçuşlardan yararlana biləcəklər.
Milan, Astana, Almatı, Novosibirsk və Ciddə şəhərlərinə reyslər həftədə 5 dəfə yerinə yetirilir, uçuş tezliklərinin artığı istiqamətlər sırasında Aktau və Dehli də mövcuddur.
Bakı aeroportundan həftədə 6 dəfə Londonun Hitrou və Qetvik hava limanlarına səyahət etmək mümkündür ki, bu da sərnişinlərə çevik planlaşdırma və rahat gediş vaxtını seçmək üçün daha çox imkanlar yaradır.
Mərkəzi Asiya ölkələrinə uçuşlar AZAL, “Uzbekistan Airways”, “FlyArystan” və “Air Astana” tərəfindən həyata keçirilir. Avropa istiqamətində isə reysləri AZAL, “LOT Airlines”, “Wizz Air”, “Wizz Air Malta”, “Lufthansa” və digər aviadaşıyıcılar yerinə yetirir.
Qarşıdan gələn bayramlar öncəsi aviadaşımalara tələbatın artacağını nəzərə alaraq Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə marşrut seçimlərinin daha geniş olmasını təmin etmək məqsədilə səyahətlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. İstənilən istiqamət üzrə aviabiletləri müvafiq aviadaşıyıcıların rəsmi internet saytından bron etmək mümkündür