2020-ci ildə Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə, 3 milyon 631 min inzibati xəta qeydə alınıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xətaların 40%-i sürət həddinin aşılması, 21,7 faizi dayanma-durma qaydalarının pozulması ilə bağlıdır.
Bundan başqa, pozuntuların 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi ilə bağlıdır. Ötən il yol polisi 220 min nəfərə təhlükəsizlik kəmərini bağlamadığına görə cərimə yazıb. 121 min nəfər isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələnib.
Ümumilikdə qaydaların pozulmasına görə yol polisi 118,2 milyon manat məbləğində cərimələr yazıb.
Qeyd edək ki, 2020-ci ildə yazılan cərimələr 2019-cu illə müqayisədə bir qədər azdır – 2019-da 119 milyon manatlaq cərimə yazılmışdı. 2018-ci ildə 85,6 milyon manat, 2017-ci ildə isə 73,7 milyon manatlıq cərimə yazılıb.
Ümumilikdə son 4 il - 2017-2020-ci illərdə Azərbaycanda yol polisi tərəfindən 400 milyon manat məbləğində cərimə yazılıb.