Martın 22-si dünyada «Taksi sürücüsü» günü kimi qeyd edilir.
FED.az xəbər verir ki, bu münasibətilə “Maxim” xidməti Azərbaycandakı taksi sürücüləri arasında ən populyar avtomobil markalarını açıqlayıb.
Qeyd edək ki, «Taksi sürücüsü» gününün tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb və həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub. Müştərini isə, demək olar ki, istənilən avtomobildə təyinat yerinə çatdırmaq olar.
Şirkətin hesabatına əsasən, Azərbaycanda fəaliyyət göstərən taksi sürücüləri əsasən kompakt - kiçik avtomobillərə üstünlük verirlər. Odur ki, taksi kimi ən çox istifadə olunan avtomobillərin siyahısına «Opel Astra» və «Toyota Prius» başçılıq edir. «Maxim»lə işləyən sürücülər arasında həmin maşınların payı müvafiq olaraq 12,6% və 12,3%-dir. Yəni bu şirkətlə işləyən hər 4 maşından 1-i ya «Prius», ya da «Opel Astra»dır.
Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: «Mercedes C-class», «Mercedes E-class» və «Mercedes-Benz 220». Sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir.
Populyar avtomobillərin tam reytinqi bu cürdür:
Opel Astra – 13%
Toyota Prius – 12%
Mercedes C-class – 5%
KIA Rio – 4%
Mercedes E-class – 3%
Toyota Corolla – 3%
KIA Ceed – 2%
Mercedes-Benz 220 – 2%
Chevrolet Cruze – 2%
Təhlil göstərir ki, taksi sürücüləri yüksək manevr imkanı və əlverişli yanacaq sərfiyyatı olan, yəni az yanacaq işlədən və sınaqdan keçmiş modellər axtarırlar. Reytinqin liderləri isə bahalı hissələrə və texniki xidmətə ehtiyacı olmayan orta səviyyəli avtomobillərdir. Ona görə də buradakı reytinqdən sınaqdan keçmiş və manevr imkanına malik avtomobillər seçmək üçün də faydalanmaq olar.