“Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlandırmadan baxırlar”.
FED.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, bəzi məhkəmələr tərəfindən atılan bu addım qanunaziddir: “Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınıza ehtiyac qalmayacaq”.