“Azərbaycan Dəmir Yolları” QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır.
Eləcə də bax: Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması - Bərpa Olunur
FED.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra (yəni, 1 oktyabr tarixindən deyil – red.) ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək.
Sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”, - məlumatda qeyd edilir.
Qeyd olunur ki, bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin “COVID-19 vaksin sertifikatı” və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVİD-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçiriləcək.
Vaqonlarda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir.
Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq. Qatarların hərəkət qrafiki ilə rəsmi sayt və sosial şəbəkə hesablarımızda tanış ola bilərsiniz. (Apa)