Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı haqqında Nizamnamə"ni təsdiq edib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Nizamnamə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.
Ümumi istifadədə olan dəmiryol nəqliyyatı xidmətlərinin tarifləri, normativ hüquqi aktlarla müəyyən edilən məhdudiyyətlər və digər tələblər barədə məlumatlar ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi (bundan sonra - infrastruktur sahibi) və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatında, qeyriümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yollarının, dəmiryol stansiyalarının, elektrik təchizatı tikili və qurğularının, rabitə şəbəkələrinin, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemlərinin, informasiya komplekslərinin, hərəkəti idarəetmə sistemlərinin, digər bina, tikili, meydança, qurğu, qoruyucu tikili və avadanlıqlarların (bundan sonra - qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı obyektləri) sahibləri tərəfindən isə onların internet informasiya ehtiyatında və ya elan lövhələrində yerləşdirilir.
Sifarişlər (dövlət sirri təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla) infrastruktur sahibi və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatı üzərindən qəbul olunur.
Nizamnamədə istifadə olunan anlayışlar “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.