2024-cü ilin sonunda Azərbaycanda yük avtomobillərinin ümumi sayı 186 min 161 ədədə çatıb ki, bu da ötən illə müqayisədə 8 min 539 ədəd və ya 4,8% artım deməkdir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ən kəskin artım yaşı 5 ilə qədər olan ən yeni yük avtomobillərinin sayında qeydə alınıb. Belə ki, bu avtomobillərin sayı il ərzində 796 ədəd (12,4%) artaraq 6 min 393-dən 7 min 189-a yüksəlib.
Bununla yanaşı, ölkənin yük avtomobilləri parkının əsas hissəsini təşkil edən köhnə avtomobillərin sayı da artmaqda davam edir. Yaşı 20 ildən yuxarı olan yük maşınları 2,494 ədəd (2,5%) artaraq 100 min 634-ə çatıb və bu, ən böyük say olaraq qalır. Eyni zamanda, yaşı 10 ildən 20 ilədək olan avtomobillərin sayı da 73 min 32-yə bərabər olub ki, bu da illik 6 min 215 ədəd (9,3%) çoxdur.
Maraqlı məqam isə yaşı 5 ildən 10 ilə qədər olan yük avtomobillərinin sayında kəskin azalmanın qeydə alınmasıdır. Bu kateqoriyadakı avtomobillərin sayı il ərzində 966 ədəd (15,4%) azalaraq 6 min 272-dən 5 min 306-ya enib.