Türkiyənin "Albayrak Holdinq” şirkətlər qrupu Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yüklərin daha tez daşınması üçün digər Xəzəryanı ölkələrə investisiya yatıracaq.
20 sahədə çalışan, 80 şirkəti olan - ŞİRKƏTLƏR QRUPU AZƏRBAYCANDA
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirib.
"Qazaxıstanda bəzi terminalların istismarı ilə bağlı planlar var. Bununla yanaşı, Türkmənistanla bağlı da planlarımız var. Daha tez və yüksək səviyyədə xidmət göstərmək istəyirik”, - deyə holdinqdən qeyd olunub.
"Ro-Ro gəmilərinin səfərlərinin vaxtı ilə bağlı qeyri-müəyyənlik var. Biz gəmi almağı planlaşdırırıq. Səfər sayını artırmaq istəyirik. Gəmilər Xəzərdə işləyə biləcək ölçülərə və xüsusiyyətlərə malik olmalıdır. Xəzər dənizindən kənarda bu xüsusiyyətlərə malik gəmi tapılsa, o, Volqa çayından dənizə gələ biləcək ölçüdə olmalıdır”, - deyə şirkətlər qrupu bəyan edib.
2022-ci il iyulun 15-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Albayrak Holdinq” şirkətlər qrupu arasında müqavilə imzalanıb.
Sənədə əsasən, “Albayrak" Bakı Limanı ilə birgə “Ro-Ro”, gübrə terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edir.
Limanın strategiyasına uyğun olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi çərçivəsində "Albayrak"la imzalanmış müqaviləyə əsasən sözügedən holdinq, istifadəyə verilməsi nəzərdə tutulan gübrə terminalının idarə edilməsində iştirak edir. Müxtəlif ölkələrdə liman idarəetməsi təcrübəsi olan “Albayrak” bu razılaşma ilə gübrə məhsullarının daha böyük həcminin Bakı limanı vasitəsilə, Azərbaycandan tranzit keçidinin təmin edilməsini hədəfləyir.
Hazırda Bakı limanında gübrə məhsullarının aşırılması “Ümumi yük terminalı”nda icra edilir ki, yeni gübrə terminalının işə düşməsi ilə bu məhsulların aşırılmasında artıma nail olunmaqla yanaşı limanın ümumi yük həcmində də artım olacağı proqnozlaşdırılır.
“Albayrak”ın Bakı limanında həyata keçirdiyi layihələrin ümumi dəyərinin ilkin mərhələdə 30 milyon ABŞ dolları olması planlaşdırılır. (Report)