Azərbaycanda dəmiryolu ilə daşınan bir sıra yüklər üzrə güzəştlər tətbiq ediləcək.
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı araşdırmaların nəticəsi olaraq qərar verilib.
Xatırladaq ki, Xidmətin apardığı araşdırma zamanı məlum olub ki, “Azərbaycan Dəmir Yolları” vaqonların icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqində rəqabətin pozulması və ayrı-seçkiliyə yol verib.
Bununla bağlı xidmətin verdiyi göstərişlərdə digər məsələlərlə yanaşı, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi də nəzərdə tutulub.
Xidmət həmçinin tələb edib ki, “Azərbaycan Dəmir Yolları” güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiqləyib açıqlasın.
Göstərişdə, həmçinin sahibkarların dəmiryol xidmətlərinə daha asan çıxışını təmin etmək üçün elektron platforma istifadəyə verilməsi də nəzərdə tutulub.