Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Azərbaycanda istifadəsiz qalmış - Avtobuslar Dövriyyəyə Qaytarılacaq
Bu barədə FED.az-a AYNA-dan bildirilib.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 14 sentyabr saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Siyəzən-Bakı-Siyəzən istiqamətində 11, Şabran-Bakı-Şabran və İmişli-Bakı-İmişli istiqamətlərində hərəsində 3, Sumqayıt-Quba-Sumqayıt istiqamətində 2, Ağcabədi-Bakı-Ağcabədi istiqamətində 1, paytaxtın 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili və 169 nömrəli şəhərətrafı, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə hərəsində 1 Lot üzrə baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.