Cənub bölgəsinin ən böyük avtovağzalı sayılan «Salyan-Avtovağzal» ASC icarəyə verilir. Bu barədə FED.az-a avtovağzalın özündən məlumat verilib. Qurumdan bildirilib ki, «Salyan-Avtovağzal» ASC-ni ümumilikdə başqa təşkilata icarəyə (idarə etməyə) verilir.
Eləcə də bax: Respublikanın avtovağzal və avtostansiyaları - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİB
Müəssisəni icarəyə götürmək istəyən hüquqi şəxslər bu ilin sonunadək «Salyan – Avtovağzal» ASC İdarə Heyətinə müraciət edə bilərlər.
Qeyd edək ki, hazırda avtovağzal ASC-nin rəhbərliyi tərəfindən idarə olunur. ASC icarəyə verilmə səbəbini və təqribi qiyməti açıqlamayıb. Amma FED.az-a bildirilib ki, potensial müştəri ilə müzakirəyə hazırdırlar: «Bütün nüansları nəzərə alıb icarə haqqını müəyyən edəcəyik».
Qeyd edək ki, «Salyan Avtovağzalı» cənub bölgəsi ilə ölkənin digər regionlarını, o cümlədən Bakını birləşdirən magistral yolların üzərində ən böyük avtomobil stansiyasıdır. Avtovağzal hər gün yüzlərlə avtomobilə və minlərlə sərnişinə xidmət edir. Avtovağzalın 15 avtomobildən ibarət olan öz avtomobil parkı da var və icarəçi təşkilat bu parkı da idarə edəcək.