Bu ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmində və bu sahədən əldə olunan gəlirlərdə ciddi azalma müşahidə edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə hava yolu ilə 187,6 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,1 min ton və ya 10,5% azdır. Bu azalma həm beynəlxalq, həm də daxili daşımaları əhatə edib. Beynəlxalq yük daşımaları 21,5 min ton (10,4%) azalaraq 185,5 min ton, daxili yük daşımaları isə 0,6 min ton (22,2%) azalaraq 2,1 min ton təşkil edib.
Yük daşımalarının həcmindəki azalma yük dövriyyəsində də özünü göstərib. Belə ki, yük dövriyyəsi 206,9 milyon ton-km (11,9%) azalaraq 1 milyard 534,1 milyon ton-km olub. Azalmanın əsas hissəsi beynəlxalq dövriyyənin payına düşür: beynəlxalq yük dövriyyəsi 206,4 milyon ton-km (11,9%) azalıb, daxili yük dövriyyəsi isə 0,5 milyon ton-km (27,8%) geriləyib.
Nəticədə yük daşınmasından əldə olunan gəlirlər də əhəmiyyətli dərəcədə azalıb. Bu sahədən əldə edilən ümumi gəlir 179,3 milyon manat (13,9%) azalaraq 1 milyard 108,6 milyon manat təşkil edib. Gəlirlərin azalması da əsasən beynəlxalq daşımalarla bağlıdır ki, burada gəlir 179,1 milyon manat (13,9%) azalıb. Daxili yük daşımalarından əldə edilən gəlir isə 162,4 min manat (23,4%) azalaraq 532,4 min manat olub.