Bu ilin ilk yarısında Azərbaycanın hava nəqliyyatında daşınan sərnişinlərin sayında artım qeydə alınsa da, bu artım gəlirlərdə hiss olunmayıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-iyun aylarında hava nəqliyyatı ilə 1 milyon 861,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 46,8 min nəfərlik (2,6%) artım deməkdir. Təhlil göstərir ki, artımın tamamilə beynəlxalq reyslərin hesabına baş verdiyi görünür. Belə ki, beynəlxalq sərnişinlərin sayı 55 min nəfər (3,8%) artaraq 1 milyon 518,9 min nəfərə çatıb. Bunun əksinə, daxili reyslərdə sərnişinlərin sayı 8,2 min nəfər (2,3%) azalaraq 342,2 min nəfər olub.
Sərnişin dövriyyəsi də 194,4 milyon sərnişin-km (5,5%) artımla 3 milyard 747,3 milyon sərnişin-km təşkil edib. Bu artım da əsasən beynəlxalq dövriyyənin 232,8 milyon sərnişin-km (7,1%) artması hesabına baş verib. Daxili dövriyyə isə 38,4 milyon sərnişin-km (13,2%) azalıb.
Lakin sərnişin sayındakı artıma baxmayaraq, bu sahədən əldə olunan ümumi gəlirlərdə 30,3 milyon manatlıq (3,4%) azalma qeydə alınıb və yekun məbləğ 869,4 milyon manat olub. Ümumi gəlirlərin azalması beynəlxalq daşımalardan əldə edilən gəlirin 40,1 milyon manat (4,6%) azalması ilə bağlıdır. Bunun əksinə olaraq, daxili sərnişin daşımalarından əldə olunan gəlir 9,8 milyon manat (34,5%) artaraq 38,1 milyon manata çatıb.