Azərbaycan hökuməti ölkə ərazisində və xaricdə yüklərin daha çox yerli şirkətlər tərəfindən daşınması üçün tədbirləri gücləndirib.
Eləcə də bax: Azərbaycanda nəqliyyat yükdaşımaları - AZALIB
FED.az xəbər verir ki, bununla bağlı addımları Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) həyata keçirir.
Yerli və xarici şirkətlərin yükdaşıma bazarındakı fəaliyyəti və bu sahədəki problemlərin həlli Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) birgə təşkilatçılığı ilə onlayn konfransda müzakirə edilib.
DANX-dan FED.az-a bildirilib ki, konfransda hazırki dövr üçün aktual olan beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib.
Daşıyıcı şirkət rəhbərlərinin və sahibkarların iştirak etdiyi kofransda daşımalar sahəsində mövcud problemlər də müzakirə olunub. Onlayn konfransda çıxış edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, Azərbaycanda pandemiyanın qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq, idxal, ixrac və eyni zamanda digər ölkələrə tranzit yükdaşımaları sahəsində məhdudiyyətlər tətbiq edilməyib. Bu zaman yalnız ölkəyə giriş-çıxış edən avtonəqliyyat vasitələrinə və onların sürücülərinə münasibətdə xüsusi tələblər tətbiq edilib.
Daşıyıcılar öz növbəsində pandemiya dövründə yerli avtodaşıyıcıların fəaliyyəti zamanı yaranan problemlərin həllində DANX tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən razılıq ediblər.
Konfransda Azərbaycanın əsas yük daşıma istiqamətləri olan Gürcüstan və Türkiyə bazarı ilə bağlı vəziyyət ayrıca müzakirə edilib. Daşıyıcı şirkətlər bildirib ki, Türkiyə və Gürcüstanda avtomobillərin qalma müddətləri ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunsa da, həmin ölkələrin müvafiq qurumları ilə aparılan danışıqlar nəticəsində problem qısa müddətdə həllini tapıb və Azərbaycana məxsus yerli daşıyıcıların fəaliyyəti bərpa olunub.
Konfransda bildirilib ki, Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması üçün yeni addımlar da atılacaq.
Belə ki, daxili avtonəqliyyat xidmətləri bazarının kvota sistemi ilə tənzimlənməsinin səmərəsinin artması, bu sahədə milli daşıyıcıların xüsusi çəkisinin artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi, milli yük avtonəqliyyat parkının yenilənməsi, yeni iş yerlərinin açılması, kvotadan artıq ölkəyə daxil olan xarici yük daşıyıcıları tərəfindən yüklərin daşınmasının qarşısının alınması məqsədilə qanun layihələri hazırlanaraq Hökümətə təqdim edilib.
Qeyd edək ki, konfransın sonunda Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib. Artıq bu tərkibdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbər heyəti də təmsil olunacaq.