Oktyabrın 6-da Bakıda Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.
Nazirlər Kabinetindən FED.az-a verilən məlumata görə, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ndən məmnun olduqlarını bildiriblər.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edildi.
Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğuladılar.
Eyni zamanda Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verildi.
Görüşdə həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edildi.
Danışıqların yekunlarına görə iki ölkə arasında aşağıdakı sənədlər imzalanıb:
- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;
- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.
İmzalanma zamanı Ş.Mustafayev qeyd edib ki, hazırda Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur: "Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”.
Onun sözlərinə görə, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev bildirib ki, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur.
Baş nazirin müavini qeyd edib ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq: “Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”.
O əlavə edib ki, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.