“Sava çayı üzərində inşa olunan körpü əsl şah əsərdir”. Bu həftənin əvvəli Serbiyada Azərbaycanın yol təsərrüfatı şirkəti – AzVirt MMC-nin Ruma-Şabats layihəsi çərçivəsində tikintisini başa çatdırdığı körpü bu ölkənin prezidenti Aleksandr Vuçiç tərəfindən yüksək dəyər aldı.
FED.az xəbər verir ki, açılışa qatılan dövlət başçısı təəccübünü gizlədə bilmədi. “Mən heç vaxt körpünün bu metod və sürətlə tikintisini görməmişəm. Mənim üçün həmişə maraqlı olub, onlar çayın dərinliyinə svayları necə vurur? Amma burda bu prosesin texniki tərəfələrini aydın şəkildə gördüm”.
Serbiya prezidenti jurnalistlərlə söhbətində cəmi 2 il ərzində belə bir şah əsərin ortaya çıxmasından çox sevindiyini bildirib. Ölkəsi üçün böyük əhəmiyyət kəsb edən körpüdə son betonlanmanın aparılması ilə Rumadan Şabatsa qədər olan magistralın 1 ildən bir neçə ay artıq müddətə təhvil veriləcəyini qeyd edib.
Açılış mərasimində Serb rəsmilərlə yanaşı Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, AzVirt şirkətinin baş direktoru Kamil Əliyev və şirkətin regional direktoru Ahmet Murat Türkoğlu da iştirak ediblər.
Beləliklə, Azərbaycan şirkəti baş podratçı kimi icrası ilə məşğul olduğu layihə vasitəsilə Serbiya iqtisadiyyatına yeni sürət gətirmiş oldu. Çünki Belqraddan Şabatsa 40 dəqiqəyə yetişmək mümkün olacaq. Halbuki əvvəllər bu əlavə 30 dəqiqə də vaxt tələb edirdi.
1,33 km uzunluğunda olan körpü 21 km-lik Ruma-Şabats və 54 km-lik Şabats-Loznitsa sürət yollarını Sava çayı üzərində birləşdirir. Tikintiyə AzVirt MMC 2019-cu ildə bağlanmış podrat müqaviləsi əsasında başlayıb.
Qeyd edək ki, AzVirt şirkəti 2012-2016-cı illərdə Serbiya və Monteneqro arasında 11-ci Dəhlizin Liq və Prelina hissəsinin tikintisini uğurla, yüksək keyfiyyətlə həyata keçirib. 40,36 km uzunluğunda olmaqla 4 tunel və 66 körpünü özündə cəmləyən layihə vaxtında təhvil verilib. Elə buna görə də Serbiya rəsmiləri AzVirti çox vaxt digər tikinti şirkətlərindən işi sürətlə və keyfiyyətlə yerinə yetirdiyinə görə yüksək dəyərləndirib.
Azərbaycanda da uzun illərdir çoxsaylı mühüm infrastruktur layihələrini həyata keçirən AzVirtin işlədiyi xarici ölkələrdə bu cür müsbət imic qazanması şübhəsiz ki, onun üzərinə götürdüyü öhdəlikləri yüksək keyfiyyətlə, münasib qiymətlə vaxtında yerinə yetirməsindən irəli gəlir. Xüsusi ilə Prezident İlham Əliyevin dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yaradılan şərait yol tikintisi sahəsində çalışan şirkətlərə də ölkə xaricində böyük layihələrdə iştiraka imkan yaradıb. AzVirt MMC də belə şirkətlərdən biri kimi öz fəaliyyətində daim dövlət dəstəyini hiss edir.
2019-cu ilin dekabr ayında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən Prezident İlham Əliyev AzVirt şirkətinin xaricdəki fəaliyyətinə toxunub və onların işini yaxından izlədiyini deyib.
“Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. “Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.
Qeyd edək ki, “AzVirt Oqranak Beoqrad” hazırda 4 zolaqlı 20,40 km uzunluqda olan Belqrad Dairəvi Yolunun çəkilişini də icra edir. Bundan başqa Şirkət konsorsium tərəfdaşları ilə birlikdə Bosniya və Hersoqavina Respublikasında 5c dəhlizi üzrə Neretva çayı üzərində nəhəng Poçitel körpüsü də daxil olmaqla böyük layihənin həyata keçirilməsi ilə məşğuldur. Eyni zamanda bu ölkədə Vranduk-Ponirak layihəsi də Şirkət üçün uğurlu fəaliyyət istiqamətlərindəndir. Ukrayna Respublikasında Kiyev-Çerniqov-Novıye Yariloviçi və Qırğızıstan Respublikasında Bişkek-Oş yolunun 67 km-lik Madaniyyat-Calalabad hissəsinin inşası da davam etdirilməkdədir.
Beləliklə, AzVirtin Balkanlarda qazandığı nüfuz, birbaşa onun icra etdiyi layihələrin texniki cəhətdən yüksək səviyyəli inşaat göstəricilərinə malik olduğunu təsdiqləyir. Azərbaycanlılar yaşadıqları ölkələrdə təkcə tikinti sahəsində uğurları ilə seçilmirlər, onlar həm də Azərbaycanı təmsil edirlər. Təsadüfü deyil ki, Serbiyada çalışan AzVirt əməkdaşlarının övladları – 10 yaşlı İskəndər Elşən oğlu Rüstəmzadə və 7 yaşlı Elgün Elşən oğlu Rüstəmzadə qardaşları, eləcə də 8 yaşlı Osman İlqar oğlu Sayadlı Xorvatiyada (Zaqreb şəhəri) keçirilən arifmetika üzrə 6-cı Beynəlxalq Olimpiadada ilk 3 yerin 3-nü də qazanıblar. Yerli mətbuat – informasiya saytları, TV-lər ardıcıl bu xəbəri əsas başlıq kimi təqdim edib. AzVirt MMC-nin baş direktoru Kamil Əliyev Belqradda olarkən bu məktəblilərlə görüşüb, onları qazandıqları uğurlarına görə təbrik edib. Qeyd edək ki, Elşən və İskəndər qardaşları Serbiyada doğulublar.
Bir sözlə, AzVirt şirkəti təkcə yol təsərrüfatı sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir. Onlar Azərbaycan ilə Serbiya dövlətləri arasında iqtisadi münasibətlərin gücləndirilməsində də fəal iştirak edirlər.