Azərbaycanın “ADY Konteyner” şirkəti Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihəyə başlayıb.
FED.az xəbər verir ki, birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.
Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerlər artıq “Pasifik Eurasia Logistics” şirkəti tərəfindən İstanbuldan Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə nəql edəcək.
Ölkəmizin tranzit imkanlarının və transkontinental nəqliyyat bağlantılarının gücləndirilməsi ilə yanaşı “ADY Konteyner” MMC Azərbaycan ərazisindən keçməyən marşrutlarda iştirak etməklə regionda müxtəlif logistik məhsullar təqdim etməyə çalışır. Bu addım nəqliyyat-logistika şirkəti olan “ADY Konteyner” MMC -nin daha çox logistika seqmentinin gücləndirilməsinə xidmət edəcəkdir.